“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyundan öncə vəziyyət çox gərgin idi. Bizim rəqibimizdəki qədər geniş ehtiyat oyunçular skamyamız yoxdur. Oktavio, İssa, Ninqa və Kamran oyunu buraxırdı. Məcburiyyətdən Səbuhini vinger oynatdıq. Kehat da vinger oynadı. Dünən gecə futbola baxıram. Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. “Neftçi” TV video düzəldib. Sübhənallah. Dedim, bu, nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? “Neftçi”nin media departamentinin böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. “Neftçi” TV-nin videosunu bu gün futbolçularımız göstərdi. “Neftçi”nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. “Sumqayıt”ın qələbəsində rolları oldu.
Son turlarda formada olan bizik. “Neftçi”ni analiz edən adam mən deyiləm. “Neftçi” bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, “Neftçi” ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin incəliklərə getsələr, bəlkə bu gün şansları 50/50-yə saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü “Neftçi”yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Bu gün qələbəyə çox layiq idik”.
Samir Abasov matç başa çatandan sonrakı qələbə sevincinin rəqib komandanın baş məşqçisi Adrian Mutuya cavab olduğunu etiraf edib:
“100 faiz! Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, “Neftçi”də də belədir ki, bircə “Sumqayıt”a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək. “Neftçi” ilə oyunlarda mənim də motivasiyam xüsusidir? Sizə elə gəlir. Əsla belə deyil. “Neftçi”nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar ona qarşı aqressiv oynayır”.
“Samir Abasovun etdikləri ucuz şoudur”
“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə “Sumqayıt”la məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Matça istədiyimiz kimi başladıq. İkinci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir. Hər zaman qalib gəlib irəli addım atmaq zamanı gələndə bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Nə baş verdiyini başa sala bilmirəm. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, “Neftçi” kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir”.
Adrian Mutu rəqib komandanın baş məşqçisi Samir Abasovu tənqid etməyi də unutmayıb: “Mənim oyunçularım Samir Abasov tərəfindən davamlı olaraq təhqir olunurdu. Bu, ucuz şoudur, şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Baş məşqçidir, nümunə olmalıdır oyunçulara. Rəqibə təhqirdən istifadə etməməlidir. Futbol feyr-pleyi sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən”.


