Monteneqronun Budva şəhərində keçirilən və 22 yaşadək boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, artıq yarışın bütün finalçıları müəyyənləşib.
Yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan milli komandasının 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.
Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla da ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.
Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçumuz finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Millimizin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) Avropa çempionatını 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı bu gün – noyabrın 19-da başa çatacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparır. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanıb.


