Firminonun atası Dubayda istirahət zamanı vəfat etdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”nin braziliyalı mərkəz hücumçusu Roberto Firminonun ailəsinə itki üz verib.

Arena.az UOL dərgisinə istinadən məlumat verir ki, Firminonun atası ailəsi ilə birlikdə Dubayda tətildə olarkən vəfat edib.

Mənbənin məlumatına görə, 62 yaşlı kişinin ölümünə səbəb infarkt olub.

Roberto Firmino “Fiqeyrense”nin yetirməsidir. Braziliyalı hücumçunun Avropa futbolunda debütü Bundesliqa təmsilçisi “Hoffenhaym”la baş tutub. Buradan “Liverpul”a keçmiş Firminonun futbolçu karyerasının ən məhsuldar dövrü, məşhurluğu məhz İngiltərə təmsilçisinin adı ilə bağlıdır. Firmino “Əl-Əhli”yə cari ilin iyulunda azad agent qismində “Liverpul”dan keçib. Braziliya futbolçunun ərəb klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Firmino “Əl-Əhli”nin heyətində 14 oyuna 3 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Firmononun futbol nailiyyətlərinə gəlincə, braziliyalı hücumçu bütün qənimətlərini “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqasının (2019/2020), İngiltərə Kubokunun (2022), İngiltərə Liqa Kubokunun (2022), İngiltərə Super Kubokunun (2023), Çempionlar Liqasının (2018/2019), UEFA Super Kubokunun (2019/2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.

Roberto Firmino 2014-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 55 oyuna 17 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Roberto “selesao” ilə 2019 Amerika Kubokunun qalibi oluib.

“Transfermartk” internet-portalı 32 yaşlı Roberto Firminonu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: