“Turan Tovuz” üçün yubiley və son 5 mövsümün rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qəbələ” ilə səfər oyunu “Turan Tovuz” komandası üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Qərblilər səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzublar. Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 matçda 57 qol vuran komanda 71 top buraxıb.

Premyer Liqada yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən komanda Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. “Turan Tovuz” evdə 24, səfərdə 26 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, qərblilər ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə üçüncü het-trik qeydə alınıb. “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya məhz Tovuz klubu ilə ev oyununda üç qol vurub.

Bilelə qədər “Qarabağ”dan Yassin Benzya, “Sabah”dan Davit Volkov het-trik müəllifi olub. Bununla da Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb.

Sonuncu dəfə bir çempionatda 3 het-trikə 2018/19 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdirib.

Xatırladaq ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: