Ədəhim Niftəliyev “Mingəçevir”in baş məşqçisi təyin olundu

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Ədəhim Niftəliyev Birinci Liqa təmsilçisi “Mingəçevir”in baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən tur öz meydanında “Zaqatala”ya 0:1 uduzan “Mingəçevir” komandasının məşqçilər korpusu istefa verib. Klubun İdarə Heyəti məşqçilər korpusunun istefa xahişini qəbul edib. Nəticədə Samir Məmmədov baş məşqçi vəzifəsindən azad olunub.

Yeni baş məşqçi Mingəçevir futbolunun əfsanələrindən sayılan, klubda məsləhətçi vəzifəsində olan Ədəhim Niftəliyev təyin olunub. Onun “Mingəçevir”in baş məşqçisi kimi ilk sınağı noyabrın 30-da Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində Birinci Liqanın digər təmsilçisi “İmişli” ilə oyun olacaq.

Xatırladaq ki, 47 yaşlı Niftəliyev futbolçu kimi “Kür”, “Neftçi”, MOİK, “Qarabağ”, “Xəzər Lənkəran”, “Masallı” və “Qala” klublarında forma geyinib. O, Azərbaycan milli komandasında da 19 oyuna çıxıb. Keçmiş müdafiəçi “Neftçi”də və Mingəçevirin “Ulduz” komandasında aşağı yaş qrupları üzrə baş məşqçi vəzifəsində çalışıb.

“Mingəçevir” Birinci Liqanın cari mövsümündə 9 oyuna topladığı 10 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: