“Palmeyras” çempion oldu, “Santos” ilk dəfə aşağı liqaya düşdü

Futbol üzrə Braziliya A Seriyasında 2023-cü il mövsümünə yekun vurulub, “Palmeyras” isə ardıcıl ikinci dəfə ölkə çempionu olub.

Arena.az xəbər verir ki, sözügedən komanda mövsümün sonuncu – 38-ci turunda “Kruzeyro” ilə səfər matçında heç-heçə etməklə çempionluğu təmin edib.

38 oyunda 20 qələbə qazanıb, 10 heç-heçə etmiş komanda 8 oyunda uduzmasına rəğmən, 70 xalla birinci olub. “Qremio” 68 xalla gümüş medallara sahib çıxıb. “Atletiko Mineyro” isə 66 xalla bürünc medallara layiq görülüb. Eyni xal toplamış “Flamenqo” dördüncü yerlə kifayətlənib.

“Palmeyras” tarixində 12-ci dəfə Braziliya çempionu olub. Bu komanda 1960, 1967, 1967, 1969, 1972, 1973, 1993, 1994, 2016, 2018 və 2022-ci il mövsümlərində də ölkənin ən güclü komandası adına sahib çıxıb.

Braziliyanın ən ünlü klublarından olan “Santos” isə bu mövsümün yekunlarına əsasən elitanı tərk edib. Sözügedən komanda tarixində ilk dəfə B seriyasına düşüb. “Santos” A Seriyasının sonuncu turunda “Fortaleza”ya uduzub – 1:2. 8 qat ölkə çempionu 43 xalla 17-ci olub, 16-cı sıradakı “Baiya” isə 44 xal toplayıb.

Xatırladaq ki, “Santos” 1961, 1962, 1963, 1964, 1965, 1968, 2002 və 2004-cü ildə Braziliya çempionatının qalibi olub. Komanda 3 dəfə (1962, 1963, 2011) Libertadores Kubokunda qızıl medala sahib çıxıb. Titulların əksəriyyəti Pelenin dövründə qeydə alınıb. Məşhur futbolçu Neymar da məhz bu klubun yetirməsidir.

“Santos”dan başqa “Qoyas” (18-ci), “Koritiba” (19-cu) və “Amerika Mineyro” (20-ci) da A Seriyası ilə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: