Kahim Parris “Sabah”ı qış fasiləsində tərk edə bilər

Müqavilə ilə Ukraynanın “Dinamo” (Kiyev) klubuna məxsus olan yamaykalı yarımmüdafiəçi Kahim Parris “Sabah”dan ayrıla bilər.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı klubu hazırda icarə əsasında komandada çıxış edən vingeri birdəfəlik transfer etmək fikrində deyil. Buna 23 yaşlı oyunçunun ümidləri doğrulda bilməməsi səbəb göstərilir. Parrisin müqavilə ilə məxsus olduğu “Dinamo”ya qayıtması gözlənilir. Yamayka millisinin üzvünün icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, onun qış fasiləsində Kiyev təmsilçisinə dönməsi istisna edilmir.

Xatırladaq ki, Kahim Parris bu il sentyabrın əvvəlində icarə əsasında “Sabah”a keçib. O, bu mövsüm Azərbaycan klubunun heyətində 11 oyuna çıxıb. Yamaykalı oyunçu bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Parris daha öncə “Koper”, “Krka”, “Dinamo”, “Kavalyer” və “Domjale” kimi klubların da formasını geyinib. O, Yamayka milli komandasında 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: