Bu mövsüm Türkiyə Super Liqasında və Avropa Konfrans Liqasında uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” zədə “epidemiyası” yaşayır.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisində mövsümün əvvəlindən bəri davam edən zədə problemi “Fənərbaxça” derbisində də davam edib.
Belə ki, “ağ-qaralar” İstanbul derbisində daha iki futbolçusunun sıradan çıxmasının üzüntüsün yaşayır. Komandanın başına keçərkən bu vəziyyətə görə keçmiş məşqçiləri günahlandıran və “Fənərbaxça” dərbisindən əvvəl “Bütün zədəli oyunçularımız tezliklə qayıdacaq” açıqlamasını verən baş məşqçi Rıza Çalımbay, son oyunda ard-arda iki şok yaşayıb. Komandanın orta sahədə ən təsirli oyunçularından biri olan Jedson Fernandes və sol cinah müdafiəçisi Umut Meraş ilk yarıda zədələnərək matçı davam etdirə bilməyiblər. Hər iki futbolçunun dəqiq vəziyyəti ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
Bu mövsüm 20 fərqli futbolçusunun bütövlükdə 41 zədə aldığı komandada bu vəziyyət “bu qədər də olmaz” kimi şərhlərə səbəb olub.
Xatırladaq ki, “qara qartallar”ın heyətində Jedson Fernandes və Umut Meraşdan başqa, hazırda daha beş zədəli var. Belə ki, Artur Masuaku, Valentin Rozye, Milot Raşiça, Omar Kolli və Yakup Arda da zədədən əziyyət çəkirlər.
Qeyd edək ki, “Beşiktaş” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 15 oyunda 8 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Komanda 26 xalla 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi mübarizə apardığı Avropa Konfrans Liqasında da 5 oyuna cəmi 1 xal toplamaqla yer aldığı D qrupunun sonuncusudur.
Bahar Rüstəmzadə


