Kataloniya nəhəngi “Barselona”nın mətbuat xidməti Avropa Məhkəməsinin Avropa Super Liqası haqda qərarı ilə bağlı bəyanat yayıb.
Arena.az xatırladır ki, Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasına qadağa qoyulması ilə bağlı fəaliyyətini qanunsuz kimi tanıyıb.
Yeni turnirin yaradılmasının təşəbbüskarlarından biri də Kataloniya klubunun prezidenti Joan Laporta olub.
“Barselona” Super Liqa layihəsini qiymətləndirən Avropa Məhkəməsinin hökmündən razı qaldığını bildirmək istəyir. Layihəni təbliğ edən klublardan biri kimi “Barselona” hesab edir ki, bu qərar yeni elit səviyyəli Avropa futbol yarışına yol açır.
Klubumuz futbol dünyasının monopoliyasına qarşıdır. Biz Avropa klub yarışlarının gələcəkdə necə inkişaf edəcəyi ilə bağlı yeni müzakirələrə başlamaq istəyirik”, – Kataloniya təmsilçisinin mətbuat xidməti klubun mövqeyini açıqlayıb.
Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız “Real” və “Barselona” qalıb. Məhkəmənin qərarına müvafiq olaraq, Super Liqanın keçiriləcəyi halda, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.


