Türkiyənin “Beşiktaş” klubu Kot-d’İvuar millisinin də üzvü olan müdafiəçisi Erik Bayi ilə müqaviləsinə xitam verib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun Türkiyə nəhəngi ilə bu mövsümün sonuna qədər müqaviləsi var idi. Lakin tez-tez zədələnən və istənilən performansı sərgiləyə bilməyən müdafiəçinin qışda göndərilməsi qərara alınıb. O, hətta bir müddət öncə daha dörd legionerlə birgə əsas komandadan kənarlaşdırılmışdı. Erik Bayinin karyerasını İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal”da davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Erik Bayi bu mövsümün əvvəlindən “Beşiktaş”da çıxış edirdi. O, İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq Türkiyə klubu ilə 1 illik müqavilə bağlamışdı. Afrikalı futbolçu bu komandada cəmi 8 oyuna çıxıb.
Bayi daha öncə “Vilyarreal”, “Mançester Yunayted”, “Espanyol” və “Olimpik” (Marsel) klublarının da uğurları üçün çalışıb. O, ölkəsinin yığma komandasında da 49 oyuna 2 qol vurub.
Bahar Rüstəmzadə


