Mario Zaqallo vəfat edib

Braziliya millisinin əfsanəvi futbolçusu, “sol cinahın ağası” – “Qoca qurd” Mario Jorji “Lobo” Zaqallo 92 yaşında dünyasını dəyişib.

Arena.az məlumat verir ki, son illər Zaqallonun səhhətində fəsdlar müşahidə edilməyə başlamışdı.

2022-ci ilin iyulunda Zaqallo tənəffüs yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi. O, 2023-cü ilin avqustunda sidik kanalının infeksiyası səbəbindən 22 gün xəstəxanada yatmışdı. Dünən, yanvarın 5-də Rio-de-Janeyroda qısa müddətə xəstəxanaya yerləşdirildikdən sonra Zaqallo 92 yaşında vəfat edib.

Oyunçu ikən Zaqallo meydanda əməksevərliyinə, fiziki hazırlığına, yorulmazlığına və tədbirli olmasına görə “Formiginya” (portuqalcadan: balaca qarışqa) və “Lobo” (portuqalcadan: canavar, qurd) ləqəbi ilə tanınıb. Braziliyalıların məşhur 4-2-4 taktiki sxemində Zaqallo oyun zamanı meydanda sol cinah boyu ağalıq etməsi ilə səciyyəvi idi.

Zaqallonun tarixi rekordları

Zaqallo futbolçu kimi 2 dəfə dünya çempionatının qalibi olub – DÇ-1958, DÇ-1962. Baş məşqçi kimi isə 1970-ci ildə Braziliya millisinə dünya çempionluğu qazandırıb. Beləliklə Zaqallo ilk dəfə olaraq həm oyunçu və həm də məşqçi kimi dünya çempionatını qazanmış kəs kimi tarixi rekorda imza atıb. Bu nəticəni sonralar Almaniya yığması ilə Frants Bekkenbauer (DÇ-1990) və Fransa yığması ilə Didye Deşam (DÇ-2018) təkrarlayıblar.

Zaqallonun bir tarixi rekordu isə bu günə qədər təkrarsız qalır və çətin ki, kimsə buna bir daha nail ola bilsin. Zaqallo həm də 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatında Dünya Kubokubu qazanmış “selesao”nun koordinatoru vəzifəsini icra edib. Beləliklə Zaqallo “pentakampeonlar”ın qazandığı 5 Dünya Kubokundan 4-də birbaşa iştirak edib. O, 4 dəfə dünya çempionu olmuş yeganə kəs kimi adını tarixə yazıb.

Futbolçu ikən “Flamenqo” və “Botafoqo”nun heyətində parlaq və sabit çıxışı ilə fərqlənən Zaqallo məşqçilik karyerasına başlandan bəri, taktiki zehniyyətinə və ehtiyat oyunçulardan məharətlə istifadə edə bilməsinə görə “Professor” ləqəbi ilə tanınıb. Daha bir müraciət isə futbolçu karyerasının son dönəmindən Zaqallonu izləyən “Qoca qurd” (portuqalca: “Velho Lobo”) ləqəbi olub. Bu da braziliyalı mütəxəssisin hər vəziyyətdə tədbirli olmasından irəli gəlirdi.

“Qoca qurd” dünya çempionatlarında uğurlarla yanaşı, Braziliya millisinə 1997-ci və 2004-cü illərdə Amerika Kubokunu, 1997-ci və 2005-ci illərdə FIFA Konfederasiyalar Kubokunu qazandırıb.

Mario Zaqallo ötən əsrin 50-ci illərindən müasir dövrümüzə qədər Braziliya futbolunun bütün tarxinin canlı şahidi idi və bu gün də “selesao”nun ən uğurlu məşqçisi olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: