“Real” 20 oyundur məğlub olmur

Yanvarın 10-da “Real” İspaniya Super Kubokunun yarımfinal oyununda Madrid “Atletiko”sunu əlavə vaxtda 5:3 hesabı ilə məğlub edib.

Arena.az məlumat verir ki, bu qələbəsi sayəsində “qaymaqlılar” cari mövsümdə bütün yarışlar daxil olmaqla, məğlubiyyətsiz oyunlardan ibarət silsiləsini 20 oyuna çatdırıblar.

“Kral klubu” sonuncu dəfə ötən il sentyabrın 24-də rəsmi oyunda məğlub olub. Bu, İspaniya La Liqasının 6-cı turunda elə, “Atletiko” ilə səfər oyununda baş verib – 1:3. Vurğulayaq ki, bu oyun hakim səhvləri ilə əlaqədar İspaniya mətbuatında hələ də müzakirə edilir.

“Real” “Atletiko”ya məğlubiyyətdən sonra 20 oyunluq məğlubiyyətsizlik silsiləsi çərçivəsində “Las-Palmas (2:0), “Jirona” (3:0), “Napoli” (3:2 və 4:2), “Osusuna” (4:0), “Braqa” (2:1 və 3:0), “Barselona” (2:1), “Valensiya” (5:1), “Kadis” (3:0), “Qranada” (2:0), “Union Berlin” (3:2), “Vilyarreal” (4:1), “Alaves” (1:0), “Malyorka” (1:0) və elə, həmin “Atletiko” (5:3) üzərində qələbələrini sıralayıb. “Sevilya” (1:1), “Rayo Valyekano” (0:0) və “Betis”lə (1:1) oyunlardan isə “qaymaqlılar” sülhlə ayrılıblar.

“Kral klubu” növbəti oyununu yanvarın 14-də keçirəcək. Karlo Ançelottinin yetirmələri İspaniya Super Kubokunun Səudiyyə Ərəbistanında keçiriləcək finalı çərçivəsində “Barselona” – “Osasuna” cütünün qalibi ilə qarşılaşacaqlar.

Yeri gəlmişkən, Madrid təmsilçisin baş məşqçisi Karlo Ançelotti bu komandanın “sükanı arxasında”kı oyun sayına görə Zinəddin Zidana çatıb. Hər iki mütəxəssis “kral klubu”nda baş məşqçi kimi 263 matç keçirib. Mütləq rekord isə Migel Munyosa məxsusdur – 605 qarşılaşma.

2013-2015-ci illərdə Madrid klubunda işləmiş Ançelotti 2021-ci ildə komandaya qayıdıb. Zidan isə 2016-2018 və 2019-2021-ci illərdə bu vəzifəni yerinə yetirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: