“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç vergidən yayınma işi üzrə İspaniya vergi orqanlarına qarşı məhkəmədə işində qalib gəlib.
Arena.az bu barədə “El Mundo” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Modriç “Tottenhem”dən “Real”a keçdikdən sonra ilk maliyyə ilində İspaniyanın vergi orqanları xorvat futbolçunun maliyyə hesabatını yoxlayıblar. Modriç bildirib ki, o vaxt İspaniyanın deyil, Böyük Britaniyanın vergi rezidenti sayılıb. Həmin maliyyə ilində Modriç “Real”dan 1,6 milyon avro məbləğində gəlir əldə edib.
Eyni zamanda, vergi orqanları xorvat futbolçunun gəlirindən İspaniyada vergiyə cəlb olunması tələb edilən 1,2 milyon avro məbləği ödəməsini tələb ediblər.
Nəticədə məhkəmə Modriçin bank hesablarının və əmanətlərinin əksəriyyətini Böyük Britaniyada saxladığı qənaətinə gəlib və ittihamları rədd edib. İndi İspaniya vergi orqanları Modriçə 2,7 milyon avro qaytarmalı, həmçinin 900 min avro məbləğində cəriməni ödəməlidirlər.
Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 23 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 511 oyun, 38 qol, 82 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 172 oyuna çıxıb, 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


