“Qəbələ”nin Braziliyadan olan müdafiəçisi Lukas Afriko (Lukas Enrike da Silva) Portuqaliya mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, vaxtilə oynadığı ölkə barədə müsbət fikirlər səsləndirən 28 yaşlı futbolçu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündə şanslarını da dəyərləndirib.
Mövsümün əvvəlində “qırmızı-qaralar”a keçən braziliyalı müdafiəçi Azərbaycana və futbolumuza uyğunlaşdığını bildirib:
“Portuqaliyada olmaq asan idi. Braziliyaya bənzəyir, eyni dili paylaşırıq, insanlar arasında əlaqələr yaratmaq asandır. Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və qaldığım evə yaxın olan bəzi braziliyalılarla tanış olmağım bir az işimi asanlaşdırdı. Yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm.
Ən çox nədən ötrü darıxıram? Sosial həyatım, dostlarla daha yaxın olmaq, qısa səfərlərə imkan verən bir yerdə olmaqdan ötrü. Futbol bir az fərqlidir, lakin həm də çox standartlaşdırılıb. Burada rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi, yaxşı komandalar və oyunçular var. Beş il Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Azərbaycan da geri qalmayıb, bura da yaxşıdır”.

Afriko indiyəqədərki karyerasına da “səyahət edib”: “Portuqaliyaya qədər Braziliyada oynadım, “San-Paulo”da hazırlaşdım, “Korintians”la 20 yaşadək komandalar arasında çempion oldum, “Santos”da 23 yaşadək futbolçulardan ibarət komandada yer aldım. 2018-ci ildə “Maritimo”ya getdim. Təklifi alanda heç düşünmədim. Arzum Avropada oynamaq idi və birbaşa Madeyraya getdim. Əvvəlcə təəccübləndim, nə dediklərini başa düşmədim. Amma bu, gözəl təcrübə idi. 2018/2019 mövsümündə “Maritimo”da oynadım, növbəti mövsüm “Eştoril”ə icarəyə verildim. “Eştoril”də də gözəl vaxt keçirdim. Komanda əla idi, amma diz zədəsi səbəbindən 10 ay oynamadım”.
“Onlar “Braqa” ilə qarşılaşacaqlarını biləndə çox sevindilər”
Lukas Afriko Portuqaliyanın “Braqa” komandasının Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şanslarını da dəyərləndirib:
“Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçular var. Juninyo, Riçard Almeyda, Julio Romao kimi bəzi futbolçuları Portuqaliyada çıxış ediblər. Onlar “Braqa”nı yaxşı tanıyırlar. İki bacarıqlı komandanın dueli olacaq. “Qarabağ”ın yaxşı məşqçisi var, sürətli və çox adamla hücuma keçirlər. Müdafiə olunmağı bacarırlar və aqressivdirlər. Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşmüşük, nahar etmişik. “Braqa” ilə qarşılaşacaqlarını biləndə çox sevindilər. Çətin olacağının fərqindədirlər”.
“Qəbələ”nin legioneri gələcək planlarından da söz açıb: “İndiki klubumla iyuna qədər müqaviləm var. Amma daha bir il uzatmaq olar. Gələcəkdə yenidən Portuqaliyaya qayıtmağa hazır olacağam. Ora böyük sevgim var”.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk yarısının bütün oyunlarında iştirak etmiş Lukas Afrikonun hesabında 1 qol da var. O, “Qəbələ”nin heyətində bütövlükdə 21 oyun keçirib.


