“Fənərbaxça”da Fred şoku

“Fənərbaxça”nın aparıcı futbolçusu Fred (Frederiko Rodriqes de Paula Santos) bir aydan çox komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Super Liqanın 21-ci turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib. Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Fred “Fənərbaxça”ya 2023-cü ilin avqust ayında İngiltərənin “Mançester Yunayted” klubundan gəlib. O, cari mövsümdə bütün turnirlər çərçivəsində meydana çıxdığı 21 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha öncə “Mançester Yunayted”, “Şaxtyor” (Donetsk) və “İnternasional” kimi klubların şərəfini qorumuş mərkəz yarımmüdafiəçisi 2014-cü ildən Braziliya millisinin formasını geyinir. O, ölkəsinin əsas yığmasında 32 oyun keçirib və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: