Futbol üzrə Almaniya milli komandasının və Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Erik Durm karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə alman futbolçu ölkəsinin mətbuatına özü məlumat verib.
O, zədələr və səhhətindəki problemlər səbəbindən bu addımı atdığını bildirib. Son klubu “Kayzerslautern” olan sağ cinah müdafiəçisi 31 yaşında karyerasına xitam vermək qərarına gəlib.
Erik 2022-ci ilin iyul ayından “Kayzerslautern”də çıxış edirdi. O, bu komandanın heyətində 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerasının böyük hissəsi Dortmund “Borussiya”sında keçmiş müdafiəçi, “Ayntraxt” (Frankfurt), “Haddersfild” kimi klubların da şərəfini qoruyub.
Almaniyann U-19, U-20 və U-21 yığmalarında oynamış Erik Durm, 2014-cü ildə əsas millidə də debüt edib. O, Almaniya milli komandasının heyətində 7 oyun keçirib.
Erik Durmun peşəkar karyerası ərzində formasını geyindiyi klublarda statistikası belədir:
Borussiya (Dortmund) – 97 oyun, 2 qol, 11 assist
Ayntraxt (Frankfurt) – 46 oyun, 1 qol, 3 assist
Kayzerslautern – 34 oyun, 1 assist
Hadderfsild – 30 oyun, 1 assist


