Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinə yekun vurulub.
Son gündə qrup mərhələsinin 3-cü turu çərçivəsində daha dörd qarşılaşma baş tutub. Son olaraq E və F qruplarında mübarizə yekunlaşıb.
E qrupunda İordaniya yığması ilə qarşılaşan Bəhreyn millisi minimal hesabla qalib gəlib və qrup liderinə çevrilib. Buna Cənubi Koreya yığmasının Malayziya ilə oyunda gözlənilməz xal itkisi də şərait yaradıb. Koreyalılar qələbə hesabını 90+15-ci dəqiqədə əldən veriblər. Beləcə, Bəhreyn qrupdan lider, Cənubi Koreya isə ikinci yerlə çıxıb. Hətta 4 xalla qrup üçüncüsü olan İordaniya yığması da pley-offa yüksəlib.
F qrupunda isə hər iki oyun heç-heçə bitib. Qırğızıstan Omanla, Səudiyyə Ərəbistanı da Tailandla “sülh bağlayıb. Bu nəticələrdən sonra Səudiyyə Ərəbistanı qrupdan lider kimi, Tailand ikinci yerlə çıxıb. Oman və Qırğızıstan yığmaları isə E qrupunun sonuncusu Malayziya kimi, qrupda qalıb və mübarizəni dayandırıb.
Asiya Kuboku 2023
Qrup mərhələsi, 3-cü tur
25 yanvar
E qrupu
İordaniya – Bəhreyn 0:1
Qol: Yusuf, 34.
Cənubi Koreya – Malayziya 3:3
Qollar: Yeon, 21. Hazmi, 83-öz qapısına. Son, 90+4-pen – Halim, 41. Ayman, 62-pen. Morales, 90+15.
Xallar: Bəhreyn – 6. Cənubi Koreya – 5. İordaniya – 4. Malayziya – 1.
F qrupu
Qırğızıstan – Oman 1:1
Qollar: Koyo, 80 – Əl-Qassani, 8.
Səudiyyə Ərəbistanı – Tailand 0:0
Xallar: Səudiyyə Ərəbistanı – 7. Tailand – 5. Oman – 2. Qırğızıstan – 1.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan 12 komanda ilə yanaşı, dörd ən yaxşı qrup üçüncüsü də 1/8 finalda oynamaq hüququ qazanıb.
Qətər, Avstraliya, İran, İraq, Bəhreyn və Səudiyyə Ərəbistanı qrup lideri olublar. Tacikistan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və Cənubi Koreya yığmaları qrup ikincisi kimi mərhələ adlayıblar. İordaniya, Suriya, Fələstin və İndoneziya yığmaları isə ən yaxşı qrup üçüncüsü olmuş komandalar kimi 1/8 finalda oynamaq hüququ qazanıblar.
1/8 finalda bu komandalar üz-üzə gələcəklər:
28 yanvar
15:30. Avstraliya – İndoneziya
20:00. Tacikistan – BƏƏ
29 yanvar
15:30. İraq – İordaniya
20:00. Qətər – Fələstin
30 yanvar
15:30. Özbəkistan – Tailand
20:00. Səudiyyə Ərəbistanı – Cənubi Koreya
31 yanvar
15:30. Bəhreyn – Yaponiya
20:00. İran – Suriya
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.


