Çağlar Söyüncü rəsmən “Fənərbaxça”da!

Türkiyə millisinin və Madrid “Atletiko”nun mərkəz müdafiəçisi Çağlar Söyüncü bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Super Liqasının lideri 27 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Türkiyəli futbolçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

“Fənərbaxça”nın saytına açıqlama verən Çağlar bu transferdən məmnun olduğunu bildirib:

“Burada olduğum üçün xoşbəxtəm. Ən qısa zamanda komandaya qoşulmaq, komanda və azarkeşlərə kömək etmək üçün əlimdən gələni etmək istəyirəm. Məqsədim həm klubumuz, həm də mənim üçün çempionluqlar və kuboklar qazanmaqdır. Bu, Super Liqada ilk təcrübəm olacaq. Mən də buna görə həyəcanlıyam”.

Xatırladaq ki, Çağlar Söyüncü bu mövsümün əvvəlindən Madrid “Atletiko”sunda çıxış edirdi. Amma o, İspaniya klubunun heyətində cəmi 9 rəsmi matça çıxıb.

Çağlar “Atletiko”dan öncə “Lester Siti”, “Frayburq”, “Altındordu” kimi klubların da formasını geyinib. O, Türkiyənin müxtəliş yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2016-cı ilin martında əsas millidə debüt edib. Müdafiəçi yığmada indiyə qədər 55 oyuna çıxıb, 2 qola da imza atıb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: