İngiltərənin “Aston Villa” klubu heyətini iki yeni futbolçu – sol cinah vingeri Morqan Rocers və qapıçı Co Qauçi ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Rocers İngiltərənin digər klubu “Midlsbro”dan 9,4 milyon avro qarşılığında transfer edilib. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı vurğulansa da, dəqiq müddət açıqlanmayıb. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək.
Morqan Rocers “Vest Bromviç”in yetirməsidir. İngilis forvard daha sonra “Mançester Siti”yə keçsə də, bu klubda oynamayıb və “Linkoln Siti”, “Bornmut”, “Bləkpul” kimi komandalara icarəyə verilib. O, bu mövsümün əvvəlində qoşulduğu “Midlsbro”da 33 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə edib. Gənc hücumçu İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.
Co Qauçi isə Avstraliyanın “Adelayde Yunayted” klubundan 1,5 milyon avro qarşılığında “Aston Villa”ya keçib. 23 yaşlı avstraliyalı qapıçı ilə müddəti 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. Buna qədər yalnız Avstraliya klublarında oynamış qolkiper ötən ildən ölkəsinin əsas millisində də forma geyinir. O, Avstraliya yığmasında 2 oyun keçirib.
“Aston Villa” “Arsenal”ın sol cinah müdafiəçisi Lino Souzanı da transfer edib. Əslən Portuqaliyadan olan 19 yaşlı ingiltərəli futbolçu ilə uzunmüddətli müqavilə imzalansa da, o, dərhal “Plimut”a icarəyə göndərilib. Lino Souza İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Yeri gəlmişkən, “Aston Villa” sağ cinah vingeri Bertrand Traore ilə də yollarını ayırıb. Burkina Fasodan olan 28 yaşlı futbolçu azad agent kimi “Vilyarreal”a keçib. O, İspaniya klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.
Traore 2020-ci ildən “Aston Villa”nın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 62 oyuna çıxıb, 10 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu daha öncə “Çelsi”, “Vitess”, “Ayaks”, “Olimpik” (Lion), “Başakşəhər” kimi klublarda da forma geyinib. O, Burkina Faso yığmasında 74 oyuna 17 qol vurub.


