Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, hakimlərimiz 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər. İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun oyunları fevralın 20-dən 26-na qədər Albaniyada keçiriləcək.
Fəridə Lütfəliyeva əvvəlcə fevralın 20-də baş tutacaq Albaniya – İrlandiya matçını idarə edəcək. Onun köməkçilərindən biri Sevda Nuriyeva olacaqsa, digər köməkçisi yunan hakim Vasilia Tsiklitari təyin edilib. Dördüncü hakim funksiyasını da Eirini Pingiu (Yunanıstan) yerinə yetirəcək.
Fevralın 23-də keçiriləcək İrlandiya – İsrail matçında Lütfəliyeva dördüncü hakim kimi fəaliyyət göstərəcək. Qarşılaşmanın baş hakimi Jana Van Laere (Belçika) olacaq. Onun köməkçilərindən biri həmyerlisi Melissa Lejear, digəri isə Nuriyeva olacaq.
Fevralın 26-na təsadüf edəcək İsrail – Albaniya matçında isə Yunanıstan və Belçikadan olan hakimlər iş başında olacaqlar. Azərbaycanlı hakimlərə son oyunda təyinat verilməyib.


