İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xonatan Viera “Las Palmas”dan ayrılaraq La Liqanın digər təmsilçisi “Almeriya”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə “Almeriya”nın rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu ilə ilyarımlıq (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Xonatan Viera “Las Palmas”ın yetirməsidir. O, bir neçə dəfə ayrılıb, yenidən qayıtdığı bu klubun heyətində 265 oyuna çıxıb, 77 qol vurub, 50 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi “Quoan”, “Rayo Valyekano”, “Valensiya”, “Standard” (Lyej) kimi klubların da formasını geyinib. İspaniyanın U-21 yığmasında da oynamış Viera əsas millidə cəmi 1 matça çıxıb.
“Almeriya”nın sol cinah vingeri Lazaro Vinisius Markes isə “Palmeyras”a keçib. Braziliya klubu 21 yaşlı vingeri 2024-cü ilin 31 dekabrına qədər satınalma şərti olmadan icarəyə götürüb.
“Flamenqo”nun yetirməsi olan Lazaro Vinisius Markes “Almeriya”ya 2022-ci ilin sentyabrında 7 milyon avro qarşılığında gəlmişdi. Gənc futbolçu La Liqa klubunun heyətində 36 oyuna 6 qol vurub. O, Braziliyanın U-16 və U-17 yığmalarında da oynayıb. Ötən ildən isə Lazaro ölkəsinin U-23 yığmasına dəvət alır.



