Moskva “Spartak”ının hollandiyalı sol vingeri Kvinsi Promes qanunun tələblərindən yayındığı görə beynəlxalq axtarışa verilib.
Arena.az “RİA Novosti Sport”a istinadən məlumat verir ki, bu barədə Amsterdam prokurorluğu məlumat yayıb.
Vurğulanır ki, Niderland Kvinsi Promesin ekstradisiyası üçün artıq müvafiq tədbirlər görüb.
Xatırladaq ki, daha əvvəl Promes narkotik qaçaqmalçılığı ittihamı üzrə təqsirli bilinərək, Amsterdam məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzasına məhkum edilib. Üstəlik, Promes daha əvvəl əmisi oğlunu bıçaqladığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, Promes üçün ümumi həbs cəzası 7,5 ildir.
Kvinsi Promes “Amsterdam”, “Ayaks”, “Harlem” və “Tvente”nin futbol məktəblərində yetişib. Kvinsi böyük futbolda “Tvente”nin heyətində debüt edib. Promes karyerası ərzində “Qou Ehed İqlz”, “Spartak” (Moskva), “Sevilya” və “Ayaks”da çıxış edib.
Moskva “Spartak”ı Promesi 2021-ci ilin fevralında 8,5 milyon avro müqabilində “Ayaks”dan öz heyətinə qatıb. Holland futbolçunun Rusiya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Promes “Spartak”ın heəytində 21 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.
Kvinsi Promesin qənimətlər muzeyində “Ayaks”la qazandığı Niderland Super Kuboku (2020), həmçinin “Spartak”la əldə etdiyi Rusiya Premyer Liqası (2017), Rusiya Kuboku (2022), Rusiya Super Kuboku (2017/2018) var. Promes 2017-ci ildə Rusiya Premyer Liqasında ilin oyunçusu seçilib. Hollandiyalı vinger 2017/2018 mövsümündə 15 qolla Rusiya Premyer Liqasının və 2021/2022 mövsümündə 4 qolla Rusiya Kubokun ən sərrast futbolçusu olub.
Kvinsi Promes 2014-cü ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 50 oyuna 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 32 yaşlı vingerin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


