“Real” məğlubiyyətsizlik silsiləsini 19 oyuna çıxardı

“Real” La Liqanın 25-ci turu çərçivəsində səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb və gözlənilməz xal itkisi ilə üzləşib – 1:1.

Arena.az məlumat verir ki, qələbə qazanmasa da, Madrid təmsilçisi La Liqa çərçivəsində məğlubiyyətsiz oyunlar silsiləsini 19 oyuna çatdırıb.

Maraqlıdır ki, “kral klubu” La Liqanın 1-ci dövrəsində də “Rayo Valyekano”nun öhdəsindən gələ bilməmişdi. Onda “arılar” Madriddən “quru” hesabla ayrılmışdılar – 0:0.

Sonuncu dəfə “Real” La Liqa oyununda otən ilin sentyabrın 24-də məğlub olub. Bu, 6-cı tur çərçivəsində “Atletiko” ilə səfər oyununda baş verib – 1:3. Yarışın növbəti 19 oyununda “qaymaqlılar” “Las-Palmas” (2:0, 2:1), “Jirona” (3:0, 4:0), “Osasuna” (4:0), “Barselona” (2:1), “Valensiya” (5:1), “Kadis” (3:0), “Qranada” (2:0), “Vilyarreal” (4:1), “Alaves” (1:0), “Malyorka” (1:0), “Xetafe” (2:0) üzərində qələbələr qazanıblar. “Sevilya” (1:1), “Rayo Valyekano” (0:0, 1:1), “Betis” (1:1) və Madrid “Atletiko”su (1:1) ilə oyunlarda isə heç-heçə qeydə alınıb.

Hazırda Madrid nəhəngi 62 xalla La Liqanın turnir cədvəlində liderliyini davam etdirir. “Rayo Valyekono” isə 25 xalla 14-cü pillədə qərarlaşıb.

“Real” növbəti, 26-cı tur çərçivəsində “Sevilya”nı qonaq edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: