UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Marko Arnautoviç (“İnter”, İtaliya), Coui Verman (PSV, Niderland), Qaleno (“Portu”, Portuqaliya), Robert Levandovski (“Barselona”, İspaniya).
Arnautoviç doğma meydanda Madrid “Atletiko”suna 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.
Qaleno da London “Arsenal”ını 1:0 hesabıyla məğlub etdikləri ev oyununda qələbə qolunun müəllifi kimi namizədlər sırasına düşüb.
Verman doğma meydanda Dortmund “Borussiya”sı ilə heç-heçə (1:1) etdikləri oyunda 12,36 km məsafə qət edib, ötürmələrinin 84 faizi dəqiq olub.
Levandovski isə İtaliya çempionu “Napoli” ilə səfər oyununda (1:1) komandasının yeganə qolunun müəllifi olub.
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bunlardır: Mile Svilar (“Roma”), Roland Sallai (“Frayburq”), İndrit Tuçi (“Sparta”, Praqa, Çexiya), Benjamin Buriqe (“Renn”, Fransa).
Svilar Niderland təmsilçisi “Feyenord”u penaltilərlə mübarizədən kənarlaşdırdıqları oyunda 3 qurtarışı ilə ən yaxşı adına namizəd olub.
Sallai “Lans”a 3:2 hesabıyla qalib gəldikləri ev oyununda dubla imza atıb.
Tuçi “Qalatasaray”ı 4:1 hesabıyla məğlub etdikləri qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Buriqe sə “Milan”ı 3:2 hesabıyla yendikləri ev oyununda het-tirk edib.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika), Fredrik Qulbrandsen (“Molde”, İsveç), Mika Bieret (“Şturm Qraz”, Avstriya).
Frik Bolqarıstan “Ludoqerets”inə səfərdə 1:0 hesabıyla qalib gəldikləri oyunda 7 seyvlə yadda qalıb.
Puertas “Ayntraxt”ı Frankfurtda 2:1 hesabıyla yendikləri səfər görüşündə qollardan birinin müəllifi olub.
Qulbrandsen “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atıb.
Bieret də Bratislava “Slovan”ını 1:0 hesabıyla yendikləri səfər qarşılaşmasında qələbə qolunun müəllifi olub.
Xatırladaq ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.


