Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 24-cü turu çərçivəsində lider “Riyeka” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb – 1:0. Mahir Emrelinin komandası qələbəni 90+4-cü dəqiqədə penaltidən vurulan qolla təmin edib.
Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 24 turdan sonra 47 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu da var. Lider “Riyeka” 50 xalda qalıb. Split “Hayduk”u isə 49 xalla ikincidir.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.


