Mateus Silva azarkeşlər haqda: “Belə olmasını istəməzdim”

“Qarabağ”ın sağ cinah müdafiəçisi Mateus Silva Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan danışıb.

Xatırladaq ki, bu görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ardından Ağdam klubunun braziliyalı müdafiəçisi Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

– Matç haqda ümumi fikirləriniz nədir?
– “Sumqayıt”a qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Matç boyu nizam-intizama riayət etdik. Məşqdəki planlarımızı bugünkü matçda həyata keçirə bildik. Qalib gəldiyimiz üçün sevinirəm.

– “Braqa” ilə matçdan fərqli olaraq, bugünkü görüşü cəmi 700-800 azarkeşin izləməsi barədə nə deyə bilərsiniz?
– Təbii ki, cümə axşamı ilə müqayisədə bu matçda azarkeş baxımından böyük fərq vardı. Belə olmasını istəməzdim. Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Azarkeş çox olanda stadiondakı ab-hava da tam başqa olur.

– Avropa Liqasının 1/8 final mərhələsində rəqibiniz “Bayer” oldu. Bu haqda fikirləriniz nədir?
– “Bayer”ə qədər hələ oyunlarımız var. İlk növbədə həmin matçlara köklənməliyik. Təbii ki, Leverkuzen təmsilçisi ilə görüşə də ciddi hazırlaşacağıq. Rəqib hər nə qədər güclü olsa da, yaxşı oyun sərgiləməyə çalışacağıq.

– Oyunlarınızın sıx qrafikdə olması barədə nə deyə bilərsiniz?
– Həftə arası çempionatda “Qəbələ” ilə, həftə sonu isə “Neftçi” ilə oyunumuz var. Baş məşqçimiz artıq bunların planlamasını hazırlayıb. Görürsünüz ki, bugünkü matçda da heyətdə rotasiya edilmişdi. Növbəti qarşılaşmalarda da belə olacaq. Ona görə də təqvimin sıx olmasının bizə çətinlik yaradacağını düşünmürəm.

Xatırladaq ki, Mateus Silva “Sumqayıt”la matçda 90 dəqiqə meydanda olub. Bu, 2023-cü ildən Ağdam klubunda çıxış edən 26 yaşlı müdafiəçinin Azərbaycan çempionunun heyətindəki 24-cü oyunu olub. Silva bu görüşlərdə 1 qol və 3 assistlə yadda qalıb.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: