“Real”ın ukraynalı qapıçısı Andrey Lunin İspaniya La Liqasında dəf edilmiş zərbələr üzrə ən yaxşı nəticəni göstərmiş qapıçıdır.
Arena.az bu barədə “Opta” statistik internet-portalına istinadən, məlumat verir.
Mənbə müvafiq nəticələri hesablayarkən, yarış çərçivəsində ən azı 5 oyun keçirmiş qapıçıları nəzərə alıb.
Beləliklə Andrey Lunin qapısına doğru yönəlmiş zərbələrin 81%-ni dəf edib. Həmçinin ukraynalı qapıçı La Liqa çərçivəsində orta hesabla 5,9 qolun qarşısını alıb (7 buraxılmış qol; 12,9 – gözlənilən qolların göstəricisidir).
Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zorya” (Luqansk), “Real”, Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zorya”dan 8,50 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümün əvvəlində “Real”ın əsas qapıçısı, belçikalı qapıçı Tibo Kurtuanın zədələnməsi ilə Lunin “qaymaqlılar”ın qapısını qorumaq imkanı qazanıb. Tezliklə Lunin “Real”ın əsas qapıçısı olmağa iddiasını ortaya qoyub.
Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlarda 19 oyun keçirib, 14 qol buraxıb, 9 oyundan “quru” çıxıb.
Andrey Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 9 oyun keçirib, 6 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


