Erlinq Haland derbini şərh etdi, klubundakı gələcəyindən danışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqanın 27-ci turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, norveçli futbolçu Mançester derbisində qazandıqları qələbədən (3:1) sonra qısaca şərh verib.

O, klubun rənglərinə işarə edərək, Mançesterdə ancaq bir klubun – “Mançester Siti”nin hakimi-mütləq olduğunu bildirib:

“Mançester – mavidir”, Haland özünün sosial şəbəkə hesabı üzərndən paylaşıb.

Yeri gəlmişkən, Haland “Mançester Yunayted”in danimarkalı hücumçusu Rasmus Höylund haqda da danışıb:

“Başlamaq onun üçün azacıq çətin idi, amma o, çox yaxşılaşıb. Biz onlarla oynayanda o, yaxşı idi. O da mənim kimi gəncdir – mən artıq çox gənc olmasam da, hələ də gəncəm. O, inkişaf etməyə davam etməlidir, axı “Mançester Yunayted”in hücumçusu hələ qollar da vurmalıdır”.

Haland “Mançester Siti”inin düşərgəsindəki gələcəyi barədə də danışıb:

“Mən burada çox xoşbəxtəm, xüsusən də ətrafımdakı insanlardan. Ancaq gələcəyin nə olacağını heç vaxt bilmirsən. Müqaviləmin müddətinin uzadılmasımı? Hazırda bütün diqqətimi futbola yönəldirəm. Qarşıda bizi oyunlar gözləyir”, deyə Haland bildirib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 31 oyuna 28 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 84 oyun, 80 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 18 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç millisinin heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: