“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada “Liverpul”la qarşıdakı səfər oyunu ərəfəsində narazılığını dilə gətirib.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, “Pep” “şəhərlilər”in cari Premyer Liqa mövsümündəki oyun təqviminin tərtibini kəskin tənqid edib.
İspan mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə cavab oyununda (3:1) heyətində ciddi dəyişiklik etməsinin səbəbini açıqlayıb:
“Premyer Liqa təmsilçiləri ilə oyunların mümkün təxirə salınmasından danışmalıyıqmı? Deyəcəklər ki, “çoxlu pullar ödəyirik, ağzınızı yumun!”
Çempionlar Liqasında “Kopenhagen”lə oyununda mənə təzə ayaqlar lazım idi. Futbolçularımın necə yorğun olduğunu görürəm. Bəzi ölkələrdə çərşənbə günü oynadığınız zaman şənbə günü oynamağınıza icazə verilir, biz isə bazar günü “Mançester Yunayted”lə oynadıq. Mənə təzə ayaqlar və belə çətin oyuna tab gətirə bilən adamlar lazım idi”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, martın 10-da bazar günü “Mançester Siti” Premyer Liqanın 28-ci turu çərçivəsində “Liverpul”un qonağı olacaq. Oyun turun mərkəzi görüşü kimi əlamətdardır və bəlkə də çempionluğun taleyini həll edəcək qədər vacibdir.
Hazırda “Liverpul” 63 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Mançester Siti” 62 xalla 2-ci, “Arsenal” 61 xalla 3-cü pillədədir.


