Premyer Liqa: “Zirə” “Qarabağ”dan xal ala biləcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Tovuzda “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Turnir cədvəlində qonşu olan bu komandalar 3 turdur qələbəyə həsrətdir. Ardıcıl 3 heç-heçə etmiş “Turan Tovuz” hazırda 32 xalla 7-cidir. Son iki matçını xalsız başa vurmuş “Araz-Naxçıvan” isə 31 xalla 8-ci pillədə qərarlaşıb.

Bu komandalar arasında indiyə qədər cəmi 2 oyun baş tutub, bu oyunların hər ikisi tovuzluların qələbəsiylə yekunlaşıb. “Araz-Naxçıvan” xal qazanmayıb. “Turan Tovuz” hər iki matçda üç xalı üç qolla əldə edib.

Turun qapanış matçında isə son çempion və lider “Qarabağ” “Zirə”ni qəbul edəcək. Tərəflər arasında daha öncə baş tutmuş 33 oyunda Ağdam təmsilçisi 21, “Zirə” isə cəmi 1 qələbə qazanıb. 11 oyunda da heç-heçə qeydə alınıb. Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. Cari mövsümün hər iki matçında yalnız bir qol vurulub.

60 xalla zirvədə qərarlaşmış “Qarabağ” bu oyunda qalib gəlməklə əsas izləyiciləri ilə xal fərqini qorumağa çalışacaq. 36 xalla 6-cı pilləyə düşmüş “Zirə” isə qalib gəlsə, yenidən üst sıralara çıxacaq.

Premyer Liqa
26-cı tur
8 mart

“Səbail” – “Sumqayıt” 0:1
Qol: Kazimir Ninqa, 11.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 19:00.

9 mart

“Kəpəz” – “Neftçi” 3:3
Qollar: Martins Junior, 6; 62. Elçin Əlicanov, 47 – Filip Ozobiç, 32; 57; 77-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 20; 41 – Əyyub Allaş, 45+3.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 17:30.

10 mart

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:30.

“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: