“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandamı təbrik edirəm. Olduqca önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmədi. Bir neçə təhlükəli hücumumuz var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xətdə daha keyfiyyətli oynamağa başladılar. Nəticədə çox vacib qələbə qazandıq. Futbolçular hücum xəttində daha inamlı idilər. Daha həyəcanlı olacaqlarını gözləyirdim. Çünki, bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar”.
Rəşad Sadıqov qarşıdakı fasilənin “Zirə”yə necə təsir edəcəyi barədə suala da cavab verib:
“Oyun yaxşı gedəndə heç kim fasilə olmasını istəmir. Sadəcə, bizim başqa problemlərimiz var. Düşünürəm ki, fasilə bizim üçün daha yaxşı olar. Həm Meza Kollinin formaya düşməsi var, həm Vladislav Kulaç, həm Rafael Utziq zədədən yeni qayıdıb. Rüstəm Əhmədzadənin də 2-3 həftə zamana ehtiyacı var. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir”.
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Komanda bu gün tam istədiyimiz kimi mübarizə aparmadı. Bunun qarşısını almalıyıq. Növbəti turlarda çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək.
Futbolçulara bildirmişik ki, bu mövsümdə də, növbəti mövsümdə də bütün oyunlarımızı səfərdə keçirəcəyik. Hər oyuna səfər kimi yanaşırıq. Böyük bir təsiri yoxdur. Daha yaxın regionda oynasaq, daha çox azarkeşimiz gəlsə, komanda daha inamlı oynayar.
Komandadakı bütün futbolçulara güvənirik. Sadəcə, bu gün aqressiya çatmadı. Bunu futbolçulara tapşırmışdıq. Komanda ilə iclasda bu haqda danışacağıq”.


