Yozua Kimmix “Bayern”də qalmaq şərtini açıqladı

“Bayern”in 29 yaşlı yarımmüdafiəçisi Yozua Kimmix növbəti mövsümdə Münhen klubunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Müqaviləmin bitməsinə hələ bir ildən çox vaxtım var, Odur ki, mən buna sakit yanaşıram. İndi üstünlük verdiyim əsas məqam mövsümü mümkün qədər nikbin keçirməkdir. Komandanın yeni baş məşqçisinin kim olacağını bilmək də çox maraqlı və vacibdir”, deyə Kimmix klubda qalmasında bu şərtin həlledici olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 378 oyun, 41 qol, 102 məhsuldar ötürmə.

Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir. Alman futbolçunun adı son dövrlərdə Avropanın müxtəlif klubları ilə birgə hallanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: