Azər Bağırov: “Epizoda 10 dəfə baxsam da, penalti görmədim”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağolsunlar. Mən hakimlər haqda danışmaqdan yoruldum, amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadılar. Qapımıza təyin olunmuş penaltidən savayı, Miço Kuzmanoviçin də bir epizodda ağzı qanamışdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək. Futbolçunun ağzından qan gəlir, bunu özü-özünə edəb bilməz axı. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla! “Qəbələ” ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv etmişdi. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan?

Penalti epizoduna 10 dəfə baxsam da, orada penalti görmədim. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Bu gün meydandakı səhvlər komandama qarşıdır. Hakimliyin zəif və ya güclü olmasının da mübahisəni etmirəm. Adamın bildiyi budur, mən nə edə bilərəm? Bu səhvlər yenə də davam edəcək. Biz buna öyrəşməli, daha da bərkiməliyik. Bir hakim 22-ci turda bizim oyunda, 23-cü turda VAR-da, 25-ci turda meydanda, 26-cı turdakı matçımızda isə yenidən VAR-dadır. Onu göndərənlər fikirləşsinlər. Biz də insanıq. Bizim də emosiyalarımız var. Hakimlərə heç nə deməmişəm. Amma bir hakim 5 turdan 4-də bizim oyunda olur. Eyni səhvlər, eyni qaydada. Futbolçunun ağzından qan gəlirsə, ona zərbə vurmayıblar? Heç nə vermədi, arxasınca başqa epizod. Futbolçular da bu emosiyalarla oynaya bilməz. Onlar da başa düşür ki, buradan çıxış yoxdur”.

“Araz-Naxçıvan”da eniş yoxdur, bizi yuxarıda görmək istəmirlər”

Belə fikirlər var ki, klublar mövsümün əvvəlində “Araz-Naxçıvan”ı yüksək qiymətləndirmirdi deyə, yuxarı pillələrdə qərarlaşmışdı. Daha sonra rəqiblər bu komandanı ciddiyə aldılar və Naxçıvan təmsilçisi aşağı pillələrə düşməyə başlayıb. Azər Bağırov bu fikirlərlə razı olmadığını bildirib:

“Əsla belə fikirləşmirəm. Sadəcə, qışda güclənə bilmədik. Gətirdiklərimiz də, cavanlar, yerlilər oldular. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. “Neftçi”, “Səbail”, “Turan Tovuz”a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdur. Sadəcə, “Araz-Naxçıvan”ı yuxarıda görmək istəmirlər. “Turan Tovuz”la görüşdə bizə ikinci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: