Filip Foden Kristiano Ronaldoya çatdı

Premyer Liqanın 31-ci turunda “Aston Villa”ya qarşı oyun (4:1) “Mançester Siti”nin ingilis sağ vingeri Filip Foden üçün əlamətdar olub.

Arena.az ESPN dərgisinə isttinadən məlumat verir ki, bu oyunda 3 qol vurmuş Foden Premyer Liqa çərçivəsində keçirdiyi oyunlarda 3-cü dəfə het-trikə imza atmış olub.

Beləliklə Foden hazırda “Əl-Nəsr”də çıxış edən portuqal ulduz hücumçu Kristiano Ronaldonun nailiiyyətini təkrarlayıb.

İngiltərə Premyer Liqası tarixində ən çox het-trik etmiş futbolçu isə “Mançester Siti”nin argentinalı sabiq mərkəz hücumçusu Serxio Aquerodur. “Kun”un hesabında 12 het-trik var.

İngiltərə Premyer Liqası tarixində ən çox het-trik etmiş ingilis futbolçu isə “Nyukasl”ın əfsanəvi mərkəz hücumçusu Alan Şirerdir. Şirerin hesabında 11 het-trik var.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 21 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 261 oyun, 81 qol, 51 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna 4 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Fil İngiltərənin U-17 yığması ilə 2017-ci il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: