“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk qol epizodunu biz yaratdıq. Bundan sonra sanki komandada arxayınlıq oldu. Bunun nəticəsində qol buraxdıq. Fasilədə futbolçularla söhbət etdik. Uşaqlar toparlandılar. Lazım olan qolları vurub 3 xal qazandıq”.
Adil Şükürov fasilədə futbolçularına hansı tapşırıqlar verməsindən də söz açıb:
“Daha çox hücumda oynamağı istəyirdik. Bunun nəticəsində rəqib müdafiəsində boşluqlar tapa bilirdik. Futbolçular dediklərimizi başa düşdülər. Futbolçularla danışanda deyirik ki, əsas rəqibimizin necə oynayacağına fikir verməyək. Çalışırıq ki, komanda bizim istədiklərimizi yerinə yetirsin. Futbolçulardan heç vaxt müdafiədə oturmağı istəmirik. Bir oyun üslubumuz var. Bunu daha da təkmilləşdirmək istəyirik. Rəqibə uyğun yox, öz istədiyimiz futbolu oynamağa çalışmalıyıq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə mətbuat konfransında futbolçularından şikayətlənib və onlara xəbərdarlıq edib:
“İlk hissədə normal futbol oynadıq. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə qapımıza iki zərbə oldu və iki qol buraxaraq məğlub olduq. Həqiqətən üzücüdür. Futbolçular bəzi şeyləri fikirləşməlidir. Çox bəsit qollar buraxırıq. Futbolçular dediyimiz şeyləri meydanda icra etmirlər. Əsasən də müdafiə xəttində. Tapşırıqlarımızı icra etmək lazım idi. Amma bu gün bu, baş vermədi”.
Xatırladaq ki, bu oyunda hesabı “Araz-Naxçıvan” açsa da, fasilədən sonra iki qol vuran “Kəpəz” səfərdən əzmkar qələbə ilə qayıdıb.


