Premyer Liqa: “Turan Tovuz”dan “Sabah” üzərində tarixi qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada yerli “Turan Tovuz” “Sabah”ı sınağa çəkib. Ötən tur “Zirə”yə uduzmaqla zirvədən aralı düşən “Sabah” Tovuzdan 3 xalla qayıtmağı hədəfləmişdi. Amma son iki turda qələbəyə həsrət qalan “Turan Tovuz” da doğma meydanda 3 xal qazanmaq arzusundaydı.

“Turan Tovuz”la “Sabah” bu günə qədər Premyer Liqada 7 oyunda qarşılaşmışdılar. Bu oyunlarda Tovuz təmsilçisi 2, paytaxt klubu 4 qələbəni bayram etmişdisə, 1 görüşdə qalib müəyyənləşməmişdi. “Turan Tovuz” öz meydanında heç vaxt xal qazanmamışdı. Qonaq komanda səfərdə bütün matçlarda qol vurmuşdu.

Tovuzlular bu oyunda nəhayət ki, uğursuz gedişata son qoyublar. Rəqib qapısından hər hissədə bir top keçirən meydan sahibləri “Sabah” üzərində tarixi və inamlı qələbəyə seviniblər. Hazırda bu komanda 39 xalla 6-cı pillədə qərarlaşıb.

Krunoslav Renduliçin gəlişindən sonra ardıcıl 2 qələbəyə sevinən “Sabah” isə son 2 oyununda xalsız qalıb və avrokuboklara vəsiqə qazanmaq şanslarını çətinə salıb.

Premyer Liqa
29-cu tur
6 aprel

“Turan Tovuz” – “Sabah” 2:0
Qollar: Aleks Souza, 26. Otto Con, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: