Nicat Abbasov daha bir hindistanlı rəqibinə məğlub oldu

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 6-cı turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gəlib.

Qara fiqurlarla oynayan millimizin üzvü bu rəqibinə məğlub olub – 0:1.

6-cı turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Dommaracu Qukeş (Hindistan) – Hikaru Nakamura (ABŞ) 0,5:0,5
Santoş Vidit (Hindistan) – Əlireza Firuzca (Fransa) 1:0
Yan Nepomnyaşi (FIDE) – Fabiano Karuana (ABŞ) 0,5:0,5

Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abbasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür.

Turnir cədvəlinə hərəyə 4 xal toplaymış Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edirlər. Fabiano Karuana və Rameşbabu Praqnanandha 3,5 xalla 3-4-cü pillələri bölüşürlər. Hikaru Nakamura və Santoş Qucratinin isə 3 xalı var.

Xatırladaq ki, Nicat Abbasov ötən tur Hindistanın digər təmsilçisi Dommaracu Qukeşə də məğlub olmuşdu. O, digər məğlubiyyətini Fabiano Karuanadan almışdı. Şahmatçımız Yan Nepomnyaşi, Hikaru Nakamura və Əlirza Firuzca ilə də heç-heçəyə razılaşmışdı.

Nicat növbəti turda Hindistanın digər təmsilçisi Vidit Santoşla münasibətləri aydınlaşdıracaq. Milli üzvü ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bu gün həmçinin Əlireza Firuzca – Dommaracu Qukeş, Hikaru Nakamura – Yan Nepomnyaşi, Fabiano Karuana – Rameşbabu Praqnanandha görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: