“Bayern”in və Almaniya yığmasının qapıçısı Manuel Noyer xizək sürdükdən sonra aldığı ağır zədəsindən danışıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman qapıçının bu barədə fikirlərini təqdim edir:
“Yenidən futbol oynaya bilməsəm həyatım necə olardı, bilmirəm. Tibb işçilərindən və bərpa dəstəsindən soruşsanız, mənim bu vəziyyətdə olduğuma inanmazdılar. Düşünürəm ki, on nəfərdən yalnız bir və ya iki nəfər belə zədədən sağalır”.
Xatırladaq ki, Almaniya yığması 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında çıxışını başa vurduqdan sonra (bundestim “E” qrupunda 4 xalla 3-cü yeri tutmuşdu), Noyer dağ-xizək kurortuna istirahətə yollanmışdı. Burada zədələnmiş Noyer dekabrın 10-da cərrahi əməliyyat edildiyi xəstəxanadan paylaşma edib və uzun müddət yaşıl meydanlardan kənarda qalacağını bildirib. Mətbuatda yayılmış məlumata görə, Noyer sağ baldır sümüyünün qapalı sınığı ilə üzləşib.
Noyer zədədən sağaldıqdan sonra ilk oyununu 2023-cü ilin oktyabr ayının 28-də Bundesliqa çərçivəsində “Darmştadt”a (8:0) qarşı keçirib.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 32 qol buraxıb, 10 oyunda qapısının toxunulmazlığını təmin edib.
Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub.
Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


