Yunanıstanda keçirilmiş Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva bu gün vətənə qayıdıb.
Arena.az xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.
Ülviyyə ilə yanaşı, Avropa çempionatında iştirak etmiş digər qadın şahmatçılarımız da vətənə qayıdıblar.
Xatırladaq ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib – 0,5:0,5. Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.
Ülviyyə Fətəliyeva Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil edilən qarşılanma mərasimində qazandığı uğurdan danışıb. Şahmatçı bu nəticəni çoxdan gözlədiyini bildirsə də, məhz bu yarışda gözləntilərini bir kənara qoyaraq, yaxşı şahmat oynamağa kökləndiyini vurğulayıb:
“Yarış çox gərgin keçdi. Ondan öncə hazırlıq prosesi də çox gərgin keçmişdi. Tarixi uğura imza atdığımıza görə çox sevinirəm. Bu, çox qürurvericidir. Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm”.
Fətəliyeva həmçinin qələbəsini gənc şahmatçılara həsr etdiyini deyib: “Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. Bunun onlar üçün ruhlandırıcı hadisə olmasını istərdim. Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər”.
Eyni zamanda, Avropa çempionu onu təbrik etmiş Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Xatırladaq ki, əldə etdiyi tarixi uğur münasibətilə Birinci vitse-prezident Mehriban Əliyeva da onu təbrik edib.


