Məlum olduğu kimi, Avropa Liqasının yarımfinalı çərçivəsində “Bayer” “Roma”nı mübarizədən kənarlaşdıraraq, finala vəsiqəsini təmin edib.
Arena.az xatırladır ki, İtaliya paytaxtında ilk oyunda “canavarlar”ı 2:0 hesabı ilə məğlub etmiş “əczaçılar”, Leverkuzendə 2:2 hesablı heç-heçənin ardınca Avropa Liqasının finalına yüksəliblər.
Dünən axşam Leverkuzendə keçirilmiş cavab oyunu dramatikliyi ilə səciyyəvi olub. “Əczaçılar” oyunu gedişində 0:2 hesabı ilə geridə olsalar da, əzmkarlıq nümayiş etdirərək, məğlubiyyətdən qurtulublar. “Bayer” bərabərlik qolunu oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+7) vurmaqla heç-heçəni qoparıb – 2:2.
Bu, “əczaçılar”ın cari mövsüm ərzində təzminat vaxtında vurduğu 17-ci qol kimi əlamətdar olub. Həmçinin Almaniya klubu son dəqiqələrdə vurduğu qollarlar hesabına cari mövsümdə 12-ci geri-dönüşünü rəsmiləşdirib.
Avropa Liqasının finalına gəlincə, “Bayer” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda “Atalanta” ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


