Rio Ferdinand: “Məncə, Salaha qarşı hörmətsizlik edirlər”

Ötənlərin məşhur futbolçusu Rio Ferdinand hesab edir ki, “Liverpul”un ulduzu Məhəmməd Salah ictimaiyyət tərəfindən hörmətsizliklə üzləşib.

Arena.az Ferdinandın bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, son vaxtlar ona hörmətsizlik edilib. Sosial şəbəkələrdə şərhlər gördüm, insanların onun haqqında nə yazdığını gördüm. Salah bu mövsüm zəifləmiş ola bilərdi, amma o, “Liverpul”dakı illəri boyu parlaq idi. O, dünya səviyyəli oyunçu idi”, deyə Rio Ferdinand vurğulayıb.

Qeyd edək ki, “Liverpul”un cari mövsümdəki qeyri-sabit çıxışı fonunda əsas tənqid hədəfinə çevrilən futbolçulardan biri də Məhəmməd Salahdır.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 42 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 347 oyun, 211 qol, 89 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Bazel”, “Fiorentina”, “Çelsi”, “Əl-Mukavilun” kimi klubların da formasını geyinib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: