Karlos Teves istefa verdi

Futbol üzrə Argentina millisinin sabiq hücumçusu Karlos Teves baş məşqçisi olduğu “İndependyente” klubundan ayrılıb.

Arena.az bu barədə Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

40 yaşlı mütəxəssis komandadan ayrılmaq qərarını özü verib. Klub rəhbərliyi onun istefasını qəbul edib.

Teves “İndependyente”ni 2023-cü ilin avqust ayından çalışdırırdı. O, bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. Argentina klubu bu görüşlərdə 14 qələbə qazanıb, 10 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

Əvvəllər Teves beş ay ərzində – 2022-ci ilin iyunundan noyabrına qədər “Rosario Sentral”ı çalışdırıb.

Karlos Teves futbolçu karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenxua” kimi komandalarda çıxış edib. “Qırmızı şeytanlar”ın heyətində sabiq hücumçu UEFA Çempionlar Liqasının qalibi olub, Argentina yığması ilə isə Olimpiya çempionluğunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: