Ayxan Abbasov “Turan Tovuz”dan göndərildi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunda baş məşqçi Ayxan Abbasov ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ayxan Abbasovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Göstərdiyi xidmətlərə görə Ayxan Abbasova təşəkkür edən Tovuz klubu, ona gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.

Xatırladaq ki, Ayxan Abbasov 2022-ci ilin iyul ayından “Turan Tovuz”a rəhbərlik edirdi. Onun klubla 2024-cü ilin dekabr ayına kimi müqaviləsi var idi. Lakin görünür klub rəhbərliyi növbəti mövsümlə bağlı daha iddialı planlar qurduğu üçün, onu postunda saxlamağa ehtiyac görməyib.

“Turan Tovuz” Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının geridə qalmış 2023/2024 mövsümünü 48 xalla 10 iştirakçı arasında 6-cı pillədə başa vurub. Komanda keçirdiyi 36 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Tovuz təmsilçisi Ayxan Abbasovun dönəmində 79 rəsmi matça çıxıb. Bu görüşlərdə 27 qələbə, 19 heç-heçə, 33 məğlubiyyət qeydə alınıb. Top fərqi isə 101:100 nisbətindədir.

Xatırladaq ki, 42 yaşlı mütəxəssis “Turan Tovuz”dan öncə “Sumqayıt” və “Zirə”yə də rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: