Tomas Müller: “Mən işəgötürənimi məyus edə bilmərəm”

“Bayern” və Almaniya yığmasının hücumçusu Tomas Müller AÇ-2024-dən sonra peşəkar futbolçu karyerasını bitirmək haqda düşünmədiyini bildirib.

Arena.az veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Hələ bu barədə düşünmürəm. Mən diqqətimi cəmləmişəm və qarşıdakı vəzifələri səbirsizliklə gözləyirəm (AÇ-2024-də – redaktorun qeydi), sonra nə olacağını görəcəyik. “Bayern”də hər şey 2025-ci ildən tez bitməyəcək, müqaviləm daha 12 ay müddətində qüvvədədir. Mən işəgötürənimi məyus edə bilmərəm”, deyə Müller vurğulayıb.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 41 oyun keçirib, 7 qol vurub, 12 məhsuldar ötürmə verib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 707 oyun, 242 qol, 268 məhsuldar ötürmə.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 128 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: