Aydın Bayramov və Elçin Əlicanov “Zirə”də – Rəsmi

“Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Kəpəz”dən ayrılan mərkəz müdafiəçisi Elçin Əlicanov “Zirə”yə keçiblər.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb. Qəsəbə təmsilçisi onları azad agent kimi heyətinə qatıb.

Xatırladaq ki, Aydın Bayramov 2023-cü ilin iyul ayından “Turan Tovuz”da çıxış edirdi. 28 yaşlı qolkiper bu komandanın heyətində 29 oyun keçirib. O, bu oyunlarda 41 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qolkiper daha öncə “Sumqayıt”, “Rəvan”, “Sabah” və MOİK-də də forma geyinib.

Elçin Əlicanov isə son üç ildə “Kəpəz”in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə Birinci Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz”lə Premyer Liqada oynayıb. 24 yaşlı futbolçu Gəncə klubunun heyətində 73 oyun keçirib, 2 qol vurub. Əlicanov daha öncə “Zaqatala”nın formasını geyinib.

Xatrıladaq ki, “Zirə” daha öncə “Şamaxı”dan icarəyə götürdüyü Fuad Bayramovun transfer hüquqlarını almışdı. Paytaxt klubu ukraynalı hücumçusu Vladislav Kulaçla da yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: