“Mançester Siti” Premyer Liqa ilə məhkəmə çəkişməsinə başladı

“Mançester Siti” 115 maliyyə qaydasını pozmaqda ittiham edildikdən sonra İngiltərə Premyer Liqasına (EPL) qarşı böyük iddia qaldırıb.

Arena.az bu barədə “The Times” nəşrinə istindən məlumat verir.

Mənbənin məlumatına görə, “şəhərlilər”in 165 səhifəlik iddia ərizəsində klub Premyer Liqanın maliyyə qaydalarını “çoxluğun tiranlığı” kimi qələmə verir. Mançester klubu itkilərin ödənilməsini və əlaqəli tərəflərlə əməliyyatların qanunsuz olduğunu bildirərək, qaydaların ləğvini tələb edir. Bu iş üzrə dinləmələrin iyunun 10-da başlanması nəzərdə tutulub.

İngiltərə çempionatının qalan 19 klubu məhkəmə işində iştirak etmək üçün dəvət edilib. 10-12 klub ya şahid ifadələri, ya da Premyer Liqanı dəstəkləmək üçün sübutların təfərrüatını əks etdirən məktub təqdim edərək bəyanatla çıxış edib. “Mançester Siti” yüksək səviyyəli bir klub rəhbərinin şərhlərinə istinadən, Premyer Liqa klublarını “Fars körfəzi sahiblərinə qarşı ayrı-seçkilik etməkdə” ittiham edir.

Eyni zamanda, “Mançester Siti”nin özü hələ də liqanın nizamnaməsinin və maliyyə qaydalarının 115 pozuntusunda ittiham edilir. Bu iş üzrə ayrıca dinləmənin bu ilin noyabrına təyin edildiyi və 6 həftə davam edəcəyi gözlənilir.

Vurğulanır ki, dinləmənin nəticələri Mançester təmsilçisinin sahibləri üçün böyük cərimələrə və bəlkə də klubun aşağı dəstəyə göndərilməsinə səbəb ola bilər.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsmünü “Mançester Siti” 91 xallar zirvədə bitirib. Sözügedən klub yarışın tarixində ilk dəfə ardıcıl 4-cü dəfə qalibiyyət əldə edərək, mütləq rekorda imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: