Almaniyada AÇ-2024-ə maraq azdır

Almaniyada ölkə sakinlərinin qarşıdan gələn 2024-cü il Avropa çempionatına marağı ilə bağlı keçirilmiş sorğu gözlənilməz mənzərə açıb.

Arena.az ARD teleşirkətinin təqdim etdiyi məlumata istinadən məlumat verir ki, Almaniya sakinlərinin sorğuda iştirak etmiş 27%-i ölkənin ev sahibliyi edəcəyi AÇ-2024 ilə maraqlanmırlar.

Daha bir maraqlı məqam isə AÇ-2024-ə maraq göstərənlərin sorğuda iştirak etmiş ölkə sakinlərinin heç yarısını belə, əhatə etməməsidir. Belə ki, məlumat mənbələri üzrə əldə edilməiş nəticələrə əsasən, sorğuda iştirak etmiş əhalinin 48%-i AÇ-2024-ə maraq göstərir. 28% sorğu iştirakçısı isə mötəbər yarışla az-çox və ya səthi maraqlanır.

Xatırladaq ki, AÇ-2024 iyunun 14-də başlayacaq və iyulun 14-də başa çatacaq. Final mərhələsində 24 komandanın iştirak edəcəyi yarışı Almaniyanın 10 şəhəri qəbul edəcək. Bundestim “A” qrupunda İsveçrə, Şotlandiya və Macarıstan yığmaları ilə mübarizə aparacaq.

Hazırda Avropa çempionu adını İtaliya yığması daşıyır.

Almaniya yığması isə Avropa çempionatını ən çox qazanmış iki komandadan biridir. Bundestim və İspaniya yığmaları hər biri 3 dəfə qitənin ən mötəbər milli yığma yarışında qalib olublar. Eyni zamanda, Almaniya yığması Avropa çempionatları tarixinin ən zəngin komandasıdır. Belə ki, bundestimin muzeyində Avropa çempionatının həmçinin 3 gümüş və 3 bürünc medalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: