Premyer Liqanın növbəti mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Səbail” müdafiəçisi Vüqar Həsənov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçu ilə “Səbail” PFK arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vüqar Həsənov 2022-ci ilin iyul ayından “Səbail”in formasını geyinirdi. 26 yaşlı müdafiəçi “dənizçilər”in heyətində bütövlükdə 19 oyuna çıxıb. O, “Səbail”dən öncə “Kəpəz”, “Keşlə” (indiki “Şamaxı”) və “Neftçi”də də forma geyinib.
“Səbail” daha öncə Adil Nağıyev, Ağabala Ramazanov və Səlahət Ağayevlə də yollarını ayırmışdı. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla isə yeni müqavilə imzalanıb. Paytaxt klubu “Turan Tovuz”dan ayrılmış Fərid Nəbiyevi də heyətinə qatıb.


