“CIES Football Observatory” ən çox izləyicisi olan klubları açıqladı

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) sosial şəbəkələrdə ən çox izləyicisi olan klubları təqdim edib.

Arena.az məlumat verir ki, Mərkəzin, 4 ən böyük sosial şəbəkə müstəvisini – “Facebook”, X, “Instagram” və “TikTok” şəbəkələrini əhatə edən arasdırmasının yekununda 100 klubdan ibarət siyahı təqdim edilib.

Siyahının zirvəsində Avropa futbolunun nəhəngi, Çempionlar Liqasının son mövsümünün qalibi “Real” qərarlaşıb. “Kral klubu” 411 milyon izləyiciyə malikdir.

2-ci yerdə Kataloniya təmsilçisi “Barselona” yer alıb. “Blauqrana”nın 361 milyon izləyicisi var.

İlk üçlüyü isə 216 milyon izləyicisi ilə İngiltərə nəhəngi “Mançester Yunayted” qapayır.

Qeyri-Avropa klubları arasında ən yüksək göstəriciyə malik klub, 54 milyon izləyici ilə Braziliyanın xalq komandası “Flamenqo”dur. Eyni sayda izləyici heyətində portuqal ulduz hücumçu Kristiano Ronaldonun yer aldığı, Səudiyyə Ərəbistanının “Əl-Nəsr”ni izləyir. Misir nəhəngi “Əl-Əhli”nin isə 51 milyon izləyicisi var.

Ümumilikdə yüzlükdə 25 ölkənin klubu təmsil edilib. Siyahıda İspaniyanın 18, İngiltərənin 17, Braziliyanın 12 və Meksikanın 6 klubu yer alıb.

Son bir ildə ən böyük artımlar yüzlüyün ilk pillələrində qərarlaşmış klublara aiddir. “Real” (+48 milyon izləyici), “İnter Mayami” (+31 milyon izləyici), “Mançester Siti” (+27 milyon izləyici) və “Əl-Nəsr” (+22 milyon izləyici) böyük artıma sahibdirlər. Nisbi baxımdan ən böyük artım (+1,348%), heyətində argentinalı ulduz hücumçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami”də qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: