Bakı vaxtı ilə iyunun 8-dən 9-na keçən gecə ABŞ-da Meksika və Braziliya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Arena.az məlumat verir ki, oyun “pentakampeonlar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyun dramatik məcrada keçib. 5-ci dəqiqədə Savionun ötürməsi ilə Andreas Pereyra “selesao”un hesabda önə keçirib – 1:0. 54-cü dəqiqədə isə Yan Koutunun ötürməsini Qabriel Martinelli tamamlayaraq, braziliyalıların üstünlüyünü artırıb – 2:0.
Bununla belə, meksikalılar fədakarlıq nümayiş etdiriblər, əvvəlcə, 73-cü dəqiqədə Xulian Kinyones Ernesto Veqanın ötürməsindən sonra hesab arasındakı fərqi azaldıb – 1:2. Hakimin əsas vaxta əlavə etdiyi təzminat dəqiqələrində isə Meksika yığması 90+3-cü dəqiqədə Gilyermo Martinesin qolu ilə bərabərliyi yaxalayıb – 2:2.
Hamının bu hesabla barışmağa hazırlaşdığı bir məqamda, 74-cü dəqiqədə əvəzləmədən meydana daxil olmuş, yen saç düzümü ilə diqqət çəkən Vinisius sol cinahdan rəqibin cərimə meydançasına asma fırladıb. Braziliya futbolunun 17 yaşlı yeniyetmə istedadı, bəstəboy Endrik isə hamıdan yüksəyə tullanaraq, 90+6-cı dəqiqədə “yumru”nu Meksika yığmasının qapısına gönədərib – 3:2. Bu qolda əməyi keçmiş “Vini”, Endrik, “selesao”nun bütün düşərgəsi və torsida alqışlar və coşqu ilə qolu qeyd ediblər.
Vurğulayaq ki, Braziliya və Meksika milliləri arasında oyunlar həmişə öz gərginliyi ilə seçilir. Meksikalılar məhz braziliyalılara heç zaman asanlıqla təslim olmurlar.


